Görkəmli şəxsiyyətlər

ƏLİYEV HEYDƏR ƏLİRZA OĞLU  (10.5.1923, Naxçıvan şəhəri – 12.12.2003, Klivlend, ABŞ; Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur) - dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi. Azərbaycan xalqının ümummilli lideri, qurtuluş mübarizəsinin (1990-93) öndəri. Yeni Azərbaycan Partiyasının (1992) banisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu və Azərbaycan Respublikasının Prezidenti (1993-2003).

        Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili Işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, leytenantlıqdan general rütbəsinədək yüksəlmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Ulu öndər Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) iyul (1969) plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü seçilmişdir. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. O, AKP MK-nın avqust (1969) plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmağın, dövlət və əmək intizamını möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yeni xəttini müəyyən etmişdir. Bu xətt Heydər Əliyevin sonrakı məruzə və çıxışlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırılmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda uzunmüddətli mübariz fəaliyyət proqramına çevrilmişdir. Möhtərəm Heydər Əliyev 1976-cı ilin martında Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, Sovet Sosialist Respublikaları Ittifaqı (SSRI) Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. O, türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik siyasətinin yeridildiyi şəraitdə SSRI kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.

        Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-82-ci illər) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. 1970-80-ci illərin birinci yarısı Azərbaycanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82) ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır. O, dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRI məkanında deyil, həmçinin bütün dünyada tanıdılması üçün mövcud imkanlardan bacarıqla istifadə etmişdir.

        Heydər Əliyev SSRI Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı seçilmiş, 9-cu çağırış SSRI Ali Soveti Ittifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırışlar) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür. 1970-80-ci  illərdə  Sov.  IKP MK və SSRI Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Meksika, Almaniya, Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Rumıniya, Yuqoslaviya, Italiya, Misir, Suriya və Hindistana rəsmi səfərlər etmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. IKP MK Siyasi Bürosunun və Baş katib M.S.Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və mövcud rejimə qarşı müxalif mövqe tutmuşdur. Heydər Əliyev sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçmişdir. O, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illər (1991-93) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisinin adından "sovet, sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Blokada şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilmiş, qonşu Türkiyə və Iranla iqtisadi əlaqələr yaradılmış, Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", Iranla yük və sərnişin daşınmasını təmin edən Şahtaxtı-Poldəşt körpüsü salınmışdır.

        Xalqımızın böyük oğlu Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet Ittifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və günahkarı barədə demişdir: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya və dövlət hakimiyyətini ələ keçirmiş Qorbaçovdur".

        Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilmiş (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır. Onun siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çaldı. Bununla, dahi rəhbərin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Iyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu  qayıdışla əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Böyük rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. Böyük siyasi xadimin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

        Xalqımızın böyük oğlu ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi bağlandı. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını 21-ə, iştirak edən dövlətlərin və iri şirkətlərin sayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi. Bütün bunlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda, çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri və "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri tikilib istifadəyə verilmişdir. Böyük Ipək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilmiş, konfrans proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyev dühasının xidmətləri ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilmişdir.  

        Ulu öndərin çoxşaxəli və genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkə iqtisadiyyatında ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi və inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətinin davamlı surətdə sabit saxlanması prioritet sahələr olmuşdur. O, demokratik,  hüquqi  və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının və onun əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində bütün beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Ölkə rəhbərinin "Insan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratmış, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmış, 1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilmiş, 1995-2003-cü illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus cəzaçəkmədən tam və ya qismən azad edilmiş, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.  

        Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirmiş, bu yolda ardıcıl mübarizə aparmış, problemin sülh yolu ilə həlli baş tutmadıqda, Qarabağın silahla azad ediləcəyini əzmlə bəyan etmişdir. Türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərən ulu öndər türk dövlətləri başçılarının 1992-ci ildən işə başlamış zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak etmiş, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Türk dövlətləri başçılarının 6-cı zirvə toplantısının (2000, aprel) Bakıda keçirilməsi və bu böyük tədbirin türk dünyasının böyük ədəbi abidəsinin - "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi də bu baxımdan çox əlamətdardır. Hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan liderini həm də çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirmişdir.  

        Heydər  Əliyev  dahi  siyasi  və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin hamisi idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdır. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair və yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümidverici yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi də mədəniyyətimizin inkişafına ulu öndərin böyük qayğısının bariz nümunələrindəndir.

        Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba və dil birliyinin təmin edilməsi və bir çox digər sahələrdə çoşğun fəaliyyəti möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirmişdir.  

        Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 75, 80 və 85 illiyini böyük təntənə ilə qeyd etmişdir. Azərbaycanda və bir sıra xarici ölkələrdə xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunmuş, kinofilmlər yaradılmışdır. O,  bir  sıra  xarici  ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və Iş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, "Ipək Yolu Fondu"nun təsis etdiyi "Ipək Yolu Xidmət Mükafatı"na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüş, dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə "Qızıl fortuna" Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı olan "Qızıl Ulduz" ("Qloriya populi") ilə təltif olunmuşdur (2001).

        Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyası və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil oldu. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla azərbaycanlını - doğma xalqını birləşdirərək qovuşdu. Ulu öndərin adı geniş miqyasda əbədiləşdirmiş, anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983) və heykəli (2007) ucaldılmış, Heydər Əliyev muzeyi (1999) yaradılmışdır. Azərbaycan Respublikasının bütün rayon, şəhər, böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları salınmış, bulaq-abidə kompleksləri, pannolar inşa edilmişdir. Kiyevdə Heydər Əliyev adına Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Institutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində elmi-nəzəri mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir.  
          Azərbaycan xalqının ümummilli liderinin, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə “Heydər Əliyev” ordeni təsis edilmişdir (2005, 22 aprel).

 

 ƏLİYEV İLHAM HEYDƏR OĞLU  (24.12.1961-ci ildə Bakı şəhərində anadan olub) - Azərbaycan Respublikasının Prezidenti (2003 ildən), görkəmli siyasi və dövlət xadimi. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994 ildən) və birinci vitse-prezidenti (1997 ildən), Azərbaycan Resbulikasının baş naziri (2003) vəzifələrində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

          İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.  

        Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. Ilham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

        İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir.

        Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa xidmət nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına çox güclü təsir göstərmişdir. Məhz Ilham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə  Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri vardır. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).

        İlham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan Ilham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadı nümayiş etdirmiş, qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar Ilham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

        İlham  Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

        2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanan İlham Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-08-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Ölkə Prezidenti “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” 2004-cü il 9 fevral tarixli sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsi yüksək qiymətləndirilmişdir. İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş (12-13.5.2004; 02.9.2004; 19-20.12.2005; 20-21.12.2006; 16.10.2007; 03-04.06.2008), muxtar respublikanın yubiley şənliklərində iştirak etmişdir. İlham Əliyevin muxtar respublikaya səfərləri bu qədim diyarın hərtərəfli inkişafına yeni güclü təkan vermişdir. Prezident İlham Əliyev ölkədə Insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
          Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.Azərbaycan  Prezidenti  İlham Əliyev bir sıra ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. İlham Əliyev Azərbaycan Respublikasının ən ali mükafatı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə təsis edilmiş “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

 

ƏLİYEVA ZƏRİFƏ ƏZİZ QIZI  (28.4.1923, Kəngərli rayonunun Şahtaxtı kəndi – 15.4. 1985, Moskva) – oftalmoloq. Tibb elmləri doktoru (1979), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. (1983), Rusiya Tibb Elmlər Akademiyasının akademiki (1981), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb Institutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya Institutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə Institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982–85) vəzifələrində çalışmışdır. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “Iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaratmışdır.

          Zərifə Əliyevanın doktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqlar tərəfindən deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” (prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini tapmışdır. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin müəllimləri üçün əvəzsiz vəsaitdir.
          Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti Idarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRI Tibb Elmlər Akademiyasının M. I. Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır (heykəltaraş Ö. Eldarov). Bakıda Göz xəstəlikləri Institutu, Naxçıvan şəhər poliklinikası və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır.

 

TALIBOV VASİF YUSİF OĞLU - (d. 14.1.1960, Şərur rayonunun Aşağı Aralıq k.) - dövlət xadimi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri. Naxçıvan Dövlət Pedaqoji Institutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, 1982-1983-cü illərdə sərhəd qoşunlarında hərbi xidmətdə olmuşdur. 1983-cü ildən Naxçıvan Tikiş, Trikotaj və Xalça Məlumatları İstehsalat Birliyində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, bölgənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali məqsədlərə çatmaq üçün xalqın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir. Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında fəal iştirak etmişdir. YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatının 1995-ci il aprelin 8-də keçirilən konfransında onun sədri seçilən Vasif Talıbov, həm də partiya xadimidir. O, Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olan YAP-ın rəhbər orqanında fəaliyyət göstərir. 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da və 2010-cu il noyabrın 7-də 1-ci, 2-ci, 3-cü və 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin, 1-ci, 2-ci, 3-cü və 4-cü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq olaraq 1995-ci il dekabrın 16-da, 2000-ci il dekabrın 7-də, 2005-ci il noyabrın 28-də və 2010-cu il dekabrın 3-də keçirilən ilk sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Vasif Talıbov Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. O, ilk növbədə muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən bu ərazinin bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuşdur.
      Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, İdarə Heyətinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Naxçıvan dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına dövlət Universitetinin fəxri doktorudur.
      Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır. 
      Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və İran islam Respublikası ilə normal münasibətlər yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir. 
       1995-2013-cü illərdə muxtar respublikanın şəhər və kəndlərində 134 müasir tipli ümumtəhsil məktəbləri tikilmiş, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər Institutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris korpusları, AMEA Naxçıvan bölməsinin Rəyasət Heyəti və 6 elmi-tədqiqat institutu üçün binalar istifadəyə verilmişdir. Eyni zamanda muxtar respublikanın şəhər və kəndlərində, xüsusilə Naxçıvan şəhərində mədəni-maarif ocaqları, idman kompleksləri, inzibati binalar inşa edilmişdir.
       Naxçıvanın tarixi-memarlıq abidələrindən - Möminə Xatun məqbərəsi; Qarabağlar türbə kompleksi; Yusif Küseyr oğlu türbəsi; Xan evi; Buzxana; Imamzadə kompleksi; Əlincəçay Xanəgah kompleksi; «Ismayılxan hamamı» və başqaları yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir. C.Naxçıvanskinin, H.Cavidin, M.S.Ordubadinin, C.Məmmədqulazadənin, Y.Məmmədəliyevin ev-muzeyləri yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və ev-muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir. H.Cavidin xatirəsinə monumental türbə ucaldılmışdır.
      Vasif Talıbovun rəhbərliyi ilə keçirilən «Uluslararası qaynaqlarda Naxçıvan» (10-13.07.1996-cı il) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. Erməni millətçilərinin Naxçıvana əsassız ərazi iddialarına cavab olaraq Vasif Talıbovun təşəbbüsü və fəal iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix Institutu, Akademiyanın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti ilə birlikdə beynəlxalq elmi simpozium keçirmişdir (9-16.06.2006-cı il). Simpoziumda 50-dən çox məruzə dinlənilmiş, Türkiyə və Iran alimləri iştirak etmişlər. «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları» mövzusunda da beynəlxalq simpozium keçirilmişdir (14-16.09.2000-ci il).
      Qədim Naxçıvan torpağının Azərbaycan xalqına məxsus olmasının daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksinin öyrənilməsi məqsədilə Vasif Talıbov xüsusi sərəncam imzalamışdır (26.04.2001-ci il). Srəncamdan sonra hər il Gəmiqayaya arxeoloji-etnoqrafik ekspedisiyalar təşkil edilir. Vasif Talıbovun Sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi bərpa edilmiş (28.06.2006-cı il), "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusunda beynəlxalq simpozium keçirilmişdir (24-25 aprel 2009-cu il).
       Vasif Talıbov dünya azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyası (2008-ci il) işıq üzü görmüşdür.
20-24 iyul 2011-ci ildə Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan şəhərində “Naxçıvan ilkin yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. 

 

NAXÇIVANİ ƏCƏMİ ƏBUBƏKR OĞLU  (XII əsrin 20-ci illəri – XII əsrin sonu) – memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti və mühəndisliyi memarlıqda üzvi şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları onu “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) adlandırmışlar.

          Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri aparılırdı. Əcəminin ilk məlum abidəsi Yusif Küseyir oğlu türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi” adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Səkkizbucaqlı gövdədən, qülləvarı günbəzdən, bucaqlarda qoyulmuş dayaqlardan ibarət olan həmin abidə kərpicdən hörülmüş, divarları quraşdırma həndəsi ornamentlərlə örtülmüşdür. Burada bədiiliklə memarlığın tektonikası (arxitektonika) ahəngdar şəkildə birləşmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli”. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Möminə xatın türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə xatın türbəsi monumental abidədir. Türbə yeraltı hissəsinin quruluşu, xarici səthlərinin və bu səthləri bir-birindən ayıran tillərin memarlıq bölgülərinin həlli, eləcə də həndəsi ornamentlərin tərtibi cəhətdən misilsiz sənət nümunəsidir. Əcəmi Möminə xatın türbəsinin ornamentlərini həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkəsi ilə hörmüş, kufi xətli kitabələri ornament bəzəklərinə uyğunlaşdıraraq, abidənin ümumi kompozisiyasına daxil edilməsinə ustalıqla nail olmuşdur.

          Əcəminin yaratdığı tikililərdən biri də XIX əsrə aid fotodan məlum olan qoşa minarədən və bunları birləşdirən baştağdan–portaldan ibarətdir. Bu abidə, Möminə xatın türbəsi də daxil olmaqla, böyük bir memarlıq kompleksinin giriş hissəsidir. Bu kompleksə daxil olan və XIX əsrə kimi dağınıq halda qalmış Naxçıvan Cümə məscidi, mənbələrdə adı çəkilən “Darülmülk” – Eldənizlər sarayı və “Dövlətxana”–hökumət binası da Əcəmi sənətinin nümunələridir.

          Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir – Marağadakı Göy günbəzdə (1196), Naxçıvandakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar türbəsində (XII–XIV əsrlər), Bərdə və Səlmas türbələrində (XIV əsr), türk memarı Sinanın (XVI əsr) Istanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-cı ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir. Bakıda ucaldılmış Nizami heykəlinin kürsü hissəsində, Şuşadakı Vaqif türbəsində, Naxçıvan şəhərindəki Hüseyn Cavid  məqbərəsində  Əcəminin  memarlıq  irsinin təsiri aydın hiss olunur. Məşhur Avstraliya sənətşünası Ernest Dits qeyd edirdi ki, Sinanın Istanbulda tikdiyi türbələr Naxçıvan türbələrinin təsiri altında yaranmışdır. Sinan ordu mühəndisi kimi 1535–36-cı illərdə Iran səfəri zamanı Naxçıvana gəlib, Əcəminin memarlıq məktəbi ilə tanış olmuşdur.

          Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti və ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki zəriflik, memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı orta əsr anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur. Onun ornament kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanır.
          Əcəmi memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Möminə xatın türbəsinin sərdabəsində qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özünü göstərir.

 
          NAXÇIVANİ HİNDUŞAH (1245, Giran – 1328, ?) – tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi. Bağdadın Müstənsəriyyə mədrəsəsində oxumuşdur. Hinduşah Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan hakimi Seyfəddövlə Əmir Mahmudun naibi olmuş, daha sonra Müstənsəriyyə mədrəsəsində müdərris işləmişdir. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Katibinin məntiqə dair “Came əd-dəqaiq fi kəşf əl-həqaiq” əsərinin üzünü köçürmüşdür. Əsrin sonlarında maliyyə sistemində çalışmış, bir sıra vilayətlərin hakimi olmuş, görkəmli dövlət xadimi kimi tanınmış və “Fəxr əd-dövlə” ləqəbi almışdır. Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq “Sahibi” nisbəsini qəbul etmişdir. Hinduşah Naxçıvani türk, ərəb, fars, eləcə də pəhləvi (orta fars) dillərini mükəmməl bilmiş, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi zövqü ilə diqqəti cəlb etmişdir. O, fəlsəfə, nücum, riyaziyyat və s. elmlərlə də məşğul olmuş, tərcümələr etmişdir. Müasiri Sədi Şirazi kimi, fars dilində səlis və gözəl nəsrin ən yaxşı nümunələrini yaratmışdır. H. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı “Məvarid əl-ərab” antologiyası 1307-ci ildə Təbrizdə tamamlanmışdır. Ərəb xəlifələrinin (56 xəlifə) həyatından, dövrlərindən, onların vəzirlərindən, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən “Təcarüb əs-sələf” (“Sələflərin təcrübələri”) əsəri isə 1324-cü ildə tamamlanmış və Böyük Lur atabəyi Nüsrətəddin Əhməd bin Yusif şaha [1295–1330] ithaf olunmuşdur. “Təcarüb əs-sələf” əslində, ərəb alimi Ibn Təqtəqinin “Əl-Fəxri” əsərinin fars dilinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars dilinə səlis tərcümə etməklə yanaşı, onun bəzi hissələrini atmış, özündən çoxlu əlavələr etmiş, əsəri təkmilləşdirmiş və son nəticədə ərəb variantından 3 dəfə böyük həcmdə başa çatmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan “Təcarüb əs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumata təsadüf olunur. Müəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni [1225–83] tərəfindən layiqli xanəgah tikdirdiyini və ona əmlak vəqf olunduğunu göstərir. H. Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir. H. Naxçıvaninin “Sihah ül-əcəm” adlı əsəri farsca-azərbaycanca lüğətdir. 21 bab, 393 fəsildən ibarət olan bu lüğət 3 hissədən – müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Burada digər lüğətlərə nisbətən ən çox fars sözü (5117) və onların qarşılığını ifadə edən təxminən 10.000-ə yaxın Azərbaycan sözü verilmişdir. Əsər XIII-XIV əsrlər Azərbaycan, eləcə də fars dillərinin leksikasını və qrammatikasını öyrənmək üçün qiymətli mənbədir.

 

NƏSİRƏDDİN TUSİ (17.2.1201, Tus – 25.6. 1274, Bağdad) – ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. Ilk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazəsi verilmişdir.         

         Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır.

         Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi  üçün  lazımi  şərait  yaratmışdı.  Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt–hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı.

         Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274–1338) “Dəhnamə” məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif Əsiləddin oğlu Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587–1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.

         Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “Imamətə dair traktat” (“Risalə fi-l-imamə”) və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında Ibn Sinanın “Işarələr və qeydlər” kitabının şərhinə həsr olunmuş “Problemlərin həlli” (“Həll əl-müşkilat”), “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “Iqtibasın əsası” (“Əsas əl-iqtibas”) ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda “Problemlərin həlli” traktatının XIII və XVII əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi Ibn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir.

         Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə Nasirəddin Möhtəşəmin şərəfinə yazılmış “Əxlaqi-Nasiri” əsərində əksini tapmışdır. Ümumi fəlsəfi məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi” zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin–amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. O, poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şeirlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.
          1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərb. Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.

 
         NƏİMİ (təqribən 1339/40 – 1394) – mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını “Cavidani-Səğir”, “Məhəbbətnamə”, “Ərşnamə” traktatlarında, qismən “Novmnamə” (“Yuxular haqqında”) əsərlərində və “Divan”ında şərh etmişdir. Başlıca əsəri “Cavidani-Kəbir”dir (“Cavidannamə”). Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.

 
         KƏNGƏRLİ EHSAN XAN KƏLBƏLİ XAN OĞLU (?, Naxçıvan – ?, orada) – Naxçıvanın sonuncu xanı. Kəlbəli xan Kəngərlinin oğlu, Ismayıl xan Naxçıvanskinin, Kalbalı xan Naxçıvanskinin və Qönçə bəyimin atasıdır. 1826–28-ci illər Rusiya – Iran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, Iran ordusunun sərhəngi (polkovniki) olan Ehsan xan Kəngərli rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli Irəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdı. 1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853–56) də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. A. Bakıxanov və A. S. Qriboyedov Irana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A. S. Qriboyedov “Irəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.

 
NAXÇIVANSKİ KALBALI XAN EHSAN XAN OĞLU (1824, Naxçıvan –1.5.1883, orada) – hərbi xadim. General-mayor (1874). Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Ismayıl xan Naxçıvanskinin qardaşıdır. 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur. Müalicədən sonra 1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak etmiş, döyüşlərdə igidlik göstərdiyinə görə zabit rütbəsinə layiq görülmüşdür. Krım müharibəsində (1853–56) igidliklə vuruşmuş, 1855-ci ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuşdur. 1877–78-ci illər rus–türk müharibəsində azərbaycanlılardan ibarət Irəvan süvari briqadasının komandiri təyin olunan Naxçıvanski hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Xalq arasında böyük nüfuz sahibi olan Naxçıvanski Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni, iki “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılmışdır.

 
         NAXÇIVANSKİ İSMAYIL XAN EHSAN XAN OĞLU (5.1.1819, Naxçıvan şəhəri – 10.2.1909, orada) – hərbi xadim. General-leytenant. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Kalbalı xan Naxçıvanskinin qardaşıdır. Tiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877–78-ci illər Rusiya–Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür. Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan günbəzli hamam tikdirmişdir. Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur. Birinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Vladimir”, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur. Rus yazıçısı Valentin Pikulun  “Bəyazid” tarixi romanında və yazıçı Rudolf Ivanovun “Bəyazidin müdafiəsi: həqiqətlər və yalanlar” kitabında Naxçıvanskinin obrazına müraciət edilmiş, onun igidliyindən, əla sərkərdəlik bacarığından söz açılmışdır. Naxçıvanskinin adı Sovet Hərbi Ensiklopediyasının birinci cildində də çəkilir, “Bəyazid” şəhəri rus qoşunları tərəfindən mühasirəyə alınarkən gedən ağır döyüşlərə polkovnik Naxçıvanskinin rəhbərlik etdiyi göstərilir.

 
NAXÇIVANSKİ HÜSEYN XAN II KALBALI XAN OĞLU  (28.6.1863, Naxçıvan – 1919, Petroqrad) – hərbi xadim. general-leytenant (1915). Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881 ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn xan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya–Yaponiya müharibəsində (1904–05) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. Tanınmış rus jurnalisti A.Kvitkanın “Zabaykalye kazak zabitinin gündəliyi” əsərində Hüseyn xan Naxçıvanskinin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leyb-qvardiya polkunun komandiri olmuş, 1907-ci ildə general-mayor rütbəsinə layiq görülmüşdür. 1912-ci ildə Hüseyn xan Naxçıvanski 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri olan Hüseyn xan Naxçıvanski alman cəbhəsinin yarılmasında fərqlənmişdir. Rus yazıçısı A.Soljenitsın “14 avqust” romanında yazmışdır: “Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi”. Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Fevral inqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır. “Müqəddəs Georgi” ordeninin dörd dərəcəsi ilə, “Müqəddəs Vladimir”, 2-ci dərəcəli “Müqəddəs Aleksandr”, “Müqəddəs Anna”, “Igidliyə görə”, Iranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli “Şire-Xurşid”, zabitlərə məxsus “Rumın ulduzu”, Avstriyanın “Dəmir xaç”, Bolqarıstanın “Döyüş xidmətlərinə görə” ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunmuşdur. Qəbri Sankt–Peterburqdakı Aleksandr Nevski monastırının qəbiristanlığındadır.  

          Rus yazıçısı Rudolf Ivanovun «Əlahəzrətin general adyutantı» kitabı Hüseyn xan Naxçıvanskiyə həsr olunmuşdur.

 

 NAXÇIVANSKİ CƏMŞİD CƏFƏRQULU OĞLU  (10.8.1895, Naxçıvan şəhəri – 26.8.1938) – görkəmli hərbi xadim, briqada komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində (1914–18) müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olmuş, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli “Anna”, 2-ci dərəcəli “Stanislav” ordenləri ilə təltif olunmuşdu. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri Naxçıvanski başçılıq etdiyi alayla birlikdə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan “Sentrokaspi diktaturası” qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda Naxçıvanski də inamla vuruşmuşdur. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi. Aprel işğalından (1920) sonra onun süvari alayı bolşeviklərin tərəfinə keçmişdir. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski Azərbaycanda baş verən antisovet üsyanların yatırılmasında iştirak etmişdir. O, Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin olunmuş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.

         Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada Ali Hərbi Akademiyanın qısa müddətli kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur. 1922–29-cu illərdə general Əlağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri idi. Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən (1933) sonra, orada müəllim saxlanılmış, 3 il Ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuşdur. 1935-ci ildə Naxçıvanski briqada komandiri (kombriq) hərbi vəzifəsinə təyin olunmuşdu.

         30-cu illərin axırlarında Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kalbalı xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb Irana getmiş, tezliklə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün Iran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kalbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus qoşunlarının tərkibində Iran ordusuna qarşı vuruşmasını bilən şah, onları  güllələtdirmişdir)  sıx  əlaqə  saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.

         Naxçıvanski Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi Icraiyyə Komitələrinin üzvü idi. “Qırmızı bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif edilmişdir. Adına Bakıda hərbi lisey, Bakıda və Naxçıvanda küçə var. Naxçıvanda ev-muzeyi yaradılmışdır. Tanınmış rus yazıçısı Rudolf Ivanov «Sovet Ittifaqı adından» əsərini Cəmşid Naxçıvanskiyə həsr etmişdir.

 

 NAXÇIVANSKİ CƏFƏRQULU XAN (?–?) – görkəmli ictimai-siyasi xadim. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.
          Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin razılığı və Irəvan quberniyası müsəlmanları həmyerlilər cəmiyyətinin tapşırığı ilə 1919-cu ilin fevralında Bakıdan Naxçıvana gələn Mirabbas Mirbağırovla və yerli hökumətin silahlı dəstəsinin komandanı Kalbalı xanla birlikdə mahalın erməni-daşnak silahlı dəstələrindən müdafiəsi və onun tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılması məsələlərini ingilis general-qubernatoru ilə müzakirə etmişdir. Naxçıvan bölgəsində 1919-cu ilin may–iyun aylarında ingilislərin dəstəyi ilə elan olunan “erməni idarəçiliyi”nin ləğvinə, bununla da mahalın daşnaklar tərəfindən işğalının əngəllənməsinə çalışmışdır. Mahalın sovetləşdirilməsi prosesinin ilk çağlarında Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin ermənilərdən müdafiəsi işində fəallıq göstərmiş, lakin tezliklə sovet hökuməti tərəfindən təqib olunmağa başlamış, “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” damğaları ilə 1920-ci il avqustun sonlarında Naxçıvan Inqilab Komitəsi tərəfindən həbs edilərək, Bakıya göndərilmişdir. 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti Inqilab Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, haqsız repressiyaya məruz qaldığını bildirsə də, azadlığa buraxılmamış, sonralar Şuşa həbsxanasına göndərilmiş və orada da vəfat etmişdir.

 

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU (31. 12.1905, Ordubad şəhəri – 15.12.1961, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) – kimyaçı. Kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan Milli Eelmlər Akademiyasının akademiki (1945) və prezidenti (1947–51 və 1958–61), SSRI Elmlər Akademiyasının müxbir üzvü (1958). SSRI Dövlət mükafatı laureatı (1946). Akademik N.D.Zelinskinin tələbəsidir. Azərbaycan Ali Pedaqoji Institutunu (indiki APU) bitirmiş (1926), Gəncə Pedaqoji Texnikumunda və Yerevan Pedaqoji Institutunda kimya müəllimi olmuş, iki il Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Institutunda (1932–33) və Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Institutunda (1933–45) işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası yarandıqdan (1945) sonra Neft Institutuna rəhbərlik etmişdir. 1954–58-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olmuşdur.
          Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir. Aromatik parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir. Məmmədəliyev benzolu propilenlə alkilləşdirilmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da Böyük Vətən müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin olunmasına kömək etmişdir. Məmmədəliyev plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. 200-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRI, ABŞ, Italiya, Fransa, Ingiltərə, Polşa, Macarıstan və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir. D.I.Mendeleyev adına Ümumittifaq Kimyaçılar Cəmiyyəti Azərbaycan Idarəsi Rəyasət Heyətinin (1957–61) və Azərbaycan “Bilik” Cəmiyyəti Rəyasət Heyətinin sədri (1948–50 və 1958–61) olmuşdur. SSRI Ali Sovetinin (5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış) deputatı seçilmişdir. “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimyası Prosesləri Institutuna (NKPI), Ordubad ipək kombinatına və Şamaxı rəsədxanasının yerləşdiyi qəsəbəyə, Bakı küçələrindən birinə onun adı verilmiş, adına mükafat təsis olunmuş, Ordubad şəhərində ev-muzeyi açılmış, büstü qoyulmuş, Bakıda yaşadığı evdə xatirə lövhəsi vurulmuşdur. Bakının Istiqlaliyyət küçəsində, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti binasının yanında heykəli ucaldılmışdır. Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev 28 fevral 2005-ci il tarixdə sərəncam imzalamışdır.

 

 MƏMMƏDQULUZADƏ CƏLİL MƏMMƏDQULU OĞLU (təxəllüsü Molla Nəsrəddin; 22.2.1869, Naxçıvan – 4.1.1932, Bakı) – yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən müstəqil milli dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynamışdır. Ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. Qori Müəllimlər Seminariyasını bitirdikdən (1887) sonra, Irəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Cəlilkənd (Şərur rayonu) və Nehrəm kəndlərində müəllimlik etmişdir (1887–97). Müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir: “Çay dəstgahı” (1889) alleqorik mənzum dramını, “Kişmiş oyunu” (1892) komediyasını, “Danabaş kəndinin əhvalatları” (1894; 1936-cı ildə nəşr olunmuşdur) povestini bu dövrdə yazmışdır.  Naxçıvanda və Irəvanda müxtəlif hüquq idarələrində çalışmışdır (1897–1903).

         Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində 1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetində işləməsinin və onun redaktoru Məhəmmədağa Şahtaxtlının mühüm rolu olmuşdur. Ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi bu qəzetdə dərc edilmişdir. 1905-ci ilin əvvəlində “Şərqi-Rus” bağlanarkən jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, onu “Qeyrət” adlandırmışdır. Ədibin ilk kitabçaları (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Iranda hürriyyət”) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur (1905–07). 1905-ci ildə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı.  

         Ilk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoydu. Jurnal müəyyən fasilələrlə 1931-ci ilədək Tiflisdə (340 nömrə), Təbrizdə (8 nömrə) və Bakıda (400 nömrə) nəşr edilmişdir.

         Cəlil Məmmədquluzadə sovet dövründə “Molla Nəsrəddin” jurnalı və “Yeni yol” (Bakı) qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuşdur.

         Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdır. “Danabaş kəndinin əhvalatları” povestində və ilk hekayələrində (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy” və s.) yazıçı o zamankı Azərbaycan həyatında hökm sürən feodal-patriarxal münasibətləri, çar məmurlarının və riyakar din xadimlərinin özbaşınalığını, şüurlarda və məişətdəki geriliyi, mövhumat, cəhalət və xurafatı, qadınların acınacaqlı taleyini böyük vətəndaş yanğısı ilə qələmə almışdı. Məşhur “Ölülər” (1909) tragikomediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Bu əsərlərdə Cəlil Məmmədquluzadə “ölülər” mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur.

         Cəlil Məmmədquluzadə və onun ətrafında birləşən əməlpərvər ziyalılar həqiqi azərbaycançılığın əsaslarını yaratdılar. Xalqımızın tarixi taleyi ilə bağlı olan bu məfkurə Azərbaycanın milli maraqlarını önə qoyan bir məslək, yol idi. Ədib bu yolu 1917-ci ilin noyabrında “Molla Nəsrəddin”də dərc olunan “Azərbaycan” məqaləsində ifadə etmiş və Rusiyada baş verən hadisələrin Azərbaycanın istiqlalına doğru apardığını uzaqgörənliklə duymuşdu. Məqalədə vahid Azərbaycan ideyası qabarıq şəkildə irəli sürülürdü. Parçalanmış Vətənin coğrafi hüdudları haqqında məlumat verən ədib “Haradadır Azərbaycan” sualının cavabında yazırdı: “Azərbaycanın çox hissəsi Irandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından, Bəyaziddən ibarət olsun”.

         Dövrün daha bir aktual mövzusundan – erməni-Azərbaycan münaqişəsindən bəhs edən birpərdəli “Kamança” pyesində də Azərbaycan xalqının yüksək humanizmi dərin psixoloji-bədii inandırıcılıqla və müstəsna emosional təsir gücü ilə əks etdirilmişdir.
         Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu
öndərin iştirakı və himayəsi ilə Naxçıvanda ev muzeyi açılaraq (1999) istifadəyə verilmişdir.

 
SİDQİ (Səfərov  Məhəmməd Tağı Kərbəlayi Səfər oğlunun təxəllüsü; 22.3.1854, Ordubad şəhəri – 9.12.1903, Kəngərli royonunun Qarabağlar kəndi; Naxçıvan şəhərində dəfn edilmişdir) – maarifçi, pedaqoq, şair, publisist. Mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolunu oynayırdı. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda saxlanır). Sidqi bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəblə Nəsir” mənzum hekayəsindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfi traktatından (1912 ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və sair) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində A. S. Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, “Tərcüman” (Baxçasaray), “Əxtər” (Istanbul), “Həblülmətin” (Kəlkəttə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və sair qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.

 

ORDUBADİ MƏMMƏD SƏİD HACAĞA OĞLU 03.14.1872, Ordubad – 01.05.1950, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) – yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim. Ordubadda mollaxanada və Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində oxumuşdur. Ordubad ipək fabriklərində (1886–1904) fəhlə işləmiş, Culfa gömrük xidmətində (1906–14) çalışmışdır. Birinci rus inqilabının (1905–07) təsiri altında siyasi mübarizələrə qoşulmuş, “Hümmət” sosial-demokrat təşkilatının tərkibində Iran Məşrutə hərəkatına kömək edən qrupun fəal üzvlərindən olmuşdur. 1915-ci ildə siyasi fəaliyyətinə görə Saritsına sürgün edilmişdir. Fevral inqilabından (1917) sonra Dağıstana gəlmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına daxil olaraq, siyasi fəaliyyətini davam etdirmişdir. 1918-ci ildə Nəriman Nərimanovun dəvətilə Həştərxana gedərək, “Hümmət” qəzetinin redaksiyasında çalışmışdır. 1920-ci ildə 11-ci Qırmızı ordunun tərkibində Dağıstana gəlmiş, Temirxan-Şura şəhərində “Qırmızı Dağıstan” qəzetinin nəşrini təşkil etmişdir. 1920-ci il mayın 2-də Bakıya gələn Ordubadi “Əxbar” qəzetinin redaktor müavini vəzifəsinə təyin edilmiş, “Əxbar” və “Kommunist” qəzetləri birləşdirildikdən sonra onun redaksiya heyətinin üzvü və redaktor müavini, 1920-ci ilin sentyabrından isə “Füqəra füyuzatı” jurnalının redaktoru olmuşdur. 1928-ci ildə “Yeni yol” qəzetinin redaktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmişdir.   

         Ordubadi ədəbi fəaliyyətə 19 əsrin 90-cı illərində başlamışdır. Ilk şerləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunmuşdur. Şair “Qeyrət” mətbəəsində (Tiflis) “Qəflət” (1906), “Vətən və hürriyyət” (1907) adlı şeir kitablarını nəşr etdirmişdir. “Qəflət”də islam millətlərinin geriliyini tənqid edən Ordubadi “Vətən və hürriyyət” kitabında fikirlərini siyasi məcraya yönəltmiş, Cavad xanın və Şeyx Şamilin rus çarizminin Qafqazda işğalçı siyasətinə qarşı mübarizəsini tərənnüm etmişdir. 20 əsrin əvvəlində Bakı və Tiflis dövri mətbuatında, o cümlədən, “Irşad”, “Təzə həyat”, “Tərəqqi”, “Səda”, “Sədayi-həqq” və s. qəzetlərdə, “Molla Nəsrəddin” jurnalında şeirlər, publisistik məqalə və felyetonlarla çıxış etmişdir. “Qanlı sənələr” (1911) kitabı, “Iki cocuğun Avropa səyahəti” (1908), “Baği-şah, yaxud Tehran faciəsi” (1910), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) tarixi pyesləri, “Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngi-məab” (1914) romanı  nəşr olunmuşdur. “Qanlı sənələr”də müəllif 1905–06-cı illərdə daşnak-erməni quldurlarının Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə ətrafında, Mehridə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı real faktlar və sənədlər əsasında qələmə almışdır.
         Sovet hakimiyyəti illərində ədəbi fəaliyyətinin miqyasını genişləndirmiş, dövri mətbuatda müntəzəm olaraq publisist və
elmi-kütləvi, ədəbi-tənqidi məqalə və felyetonlar dərc etdirmişdir. Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. XX əsrin əvvəllərində Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinə həsr olunmuş dördcildlik “Dumanlı Təbriz” (1933–48) epopeyasının, Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” (1946–48), inqilabi mövzuda “Döyüşən şəhər” (1936), “Gizli Bakı” (1940) romanlarının müəllifidir.

 

CAVİD,  Hüseyn Cavid (təxəllüsü; əsl adı və soyadı Rasizadə Hüseyn Abdulla oğlu; 24.10.1882, Naxçıvan ş. – 5.12.1941, Rusiya, Irkutsk vilayəti) – şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894–98). Klassik üslubda ilk şeirlərini də "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. Istanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

         Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-siyasi lirikaya daha çox diqqət vermişdir. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bugün", "Qadın", "Görmədim", "Vərəmli qız" və s. şeirlərində sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə əməkçi insanların faciəli həyatı təsvir edilir. "Məsud və Şəfiqə" şeirində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti, sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. "Sən nəsin, kimsin deyən ariflərə" (1912) poemasında şair insanlara işıqlı həyat, azad gələcək yolu arayırdı. "Məzlumlar üçün" (1914), "Qürubə qarşı", "Hərb və fəlakət" (1916), "Hərb ilahı qarşısında" (1917) şeirlərində imperialist müharibələrinə nifrət öz əksini tapmışdır.

         Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzum "Ana" (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. "Maral" (1912) faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır. Həmin ideya "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz ifadəsini tapmışdır. "Şeyda"da Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-kasibə"ni, "qabarlı əllər"i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan "Iblis" (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri – "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan imperialist dairələri Iblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və mədəniyyət dostlarının toqquşması Cavidin 1920-ci ilədək yazdığı əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsini bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb olması fikri təşkil edir. Estetik ideyalarına sadiq qalan Cavid bununla yanaşı, ötən əsrin 20–30-cu illərində dövrün tələbləri ilə səsləşən bir sıra əsərlər yaratmışdır. "Azər" dastanı (1920–37) bu əsərlər arasında xüsusi yer tutur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və bir müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıtdı. "Nil yavrusu" əsərində Cavid müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı. Bu dövrdə Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş idi. Cavidin yaradıcılığında türkçülük və turançılıq ideyalarının təbliği öz əksini tapmışdır. Türkçülük ən çox onun “Xəyyam”, “Topal Teymur” və “Səyavuş” faciələrində qabarıq verilmişdir. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını və Xəyyam kimi azadfikirli bir mütəfəkkiri baş qəhrəman seçmişdir. Faşizm və Ikinci dünya müharibəsi təhlükəsinin artması Cavidi narahat edən problemlər idi ("Iblisin intiqamı" dramı, 1936). Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsinin əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor neyzən" poeması, 1930). Cavidin fəlsəfi, siyasi-ictimai görüşləri "ümumi məhəbbət" ideyasından yüksək humanizmə qədər böyük bir inkişaf yolu keçmişdir. Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiyyəti ilə seçilir.
         Anadan olmasının 100, 110, 120 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur. Naxçıvanda və Bakıda ev-muzeyləri
yaradılmış, Bakıda, vaxtilə yaşadığı binaya (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Institutunun binası) barelyef-təsviri olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində cənazəsi Irkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qəbri üzərində möhtəşəm məqbərə tikilmişdir (1996). Adına Bakıda, Naxçıvanda və respublikanın digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kino-teatr və s. mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.

 

KƏNGƏRLİ BƏHRUZ (ŞAMIL) ŞİRƏLİ BƏY OĞLU (22.1.1892, Naxçıvan – 7.2.1922, Naxçıvan) – rəssam, boyakar və qrafik. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyl göstərmişdir. Tiflisdə Qafqaz Incəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxumuşdur (1910–15). Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk dövründə müəllimi-mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaratmışdır (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran etmişdi. O vaxt “Iqbal” qəzeti yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”. Kəngərlinin zəngin bədii irsi qalmışdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü” və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”, “Ilanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza “, “Yamxana kəndinə gedən yol” və s.), mədəniyyət abidələri (“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”), ilin fəsilləri (“Payız”, “Bahar”) əks olunmuşdur. Bəhruz Kəngərli 1918–20-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–20) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət Incəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskvada Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin “Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur. Naxçıvan MR Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.